Hefteaz.com xəbər verir ki, ekologiya məhbusu sayılan keçmiş millət vəkili Nazim Bəydəmirlinin səhhəti həbsdə pisləşib. Bu barədə həyat yoldaşı Fəridə Bəydəmirli öz məktubunda yazır:
“Bu gün Nazimlə telefonla danışdım, səhhətinin get gedə pisləşdiyini bildirdi. “Bir həftədən çoxdur qan təzyiqim 150.90-dan aşağı düşmür, ürək döyüntüm yüksəkdir, şiddətli nəfəs darlığım var. İki həftədən çoxdur açıq havada gəzintiyə icazə verilmir, starşina Əliyev İsmət və rejim rəisi Tural Mustafazadəyə dəfələrlə müraciət etsəm də bir xeyri olmadı. Dedilər
xidmət rəisi icazə verəndə çıxarsan. Səhhətimdə olan problemlər yenilik deyil, noyabrın 30-u axrıncı dəfə müstəntiqlə görüşəndə bunları ona demişdim. Ailəmin xəbəri yoxdur, ancaq səhhətim yaxşı deyil. Müstəntiq özü də halımın yaxşı olmadığını gördü. Buna baxmayaraq yanvarın 31-i həbs müddətinin daha 2 ay uzadılmasına nail oldu.”
21.02.24 tarixində vəkil Aqil Layıc vasitəsi ilə Nazimi müayinə etməsi üçün mülki həkim tələb etsək də, müraciətimiz təmin olunmadı.
Facebookda yazılar getdikdən sonra ədliyyə hospitalından həkim kardioloq göndərildi. Həkim Nazimi EKQ və EXO müayinəsindən keçirib və tövsiyə edib ki qan analizi versin, nəticəyə uygun təcili müalicəyə başlanmalıdır.
Həmin xanım həkimin telefonunu tapıb zəng etdim və xahiş etdim Nazimin müayinə nəticəni mənə desin, mən öz imkanım daxilində dərmanlar alıb göndərim. Verdiyi cavab belə oldu: “Mən Nazim müəllimi və diaqnozu xatırlamıram, siz yaxşısı budur penitensiar xidmətin həkimlərindən soruşun.”
Onlardan da soruşdum doğru düzgün cavab ala bilmədim. Anlaşılan odur ki heç kim doğruları söyləməyəcək.
Hər gün Nazimin səhhəti ilə bağlı yazılar yaza bilmirəm, uşaqlar oxuyub narahat olurlar, qorxurlar. Mən hər gün Nazimə nəsə olacaq qorxusu ilə yaşayıram.
Nazimi şərləyib həbs edənlər nəyə nail olmağa çalışırsınız? Məqsədiniz nədir?
Bir ay bundan öncə telefonla danışanda söz düşmüşdü, ona dedim el oban sənə arxa dayaq olmadı, mənə verdiyi cavab belə oldu: “Canım qurban el obama, canım qurban vətənimə, Xankəndində dalğalanan bayrağıma.” Bu mövzuda hətta mənə məktub da yazmışdı.
Nazim Bəydəmirli kimi şəxsiyyətlər anasından belə doğulublar. Nazimi 9 ay günahsız yerə həbsdə saxlamaqla, işkəncə verməklə zülmə zillətə məruz qoymaqla onun ürəyindəki vətən sevgisini qazıyıb atmaq olmayacq. Məhz buna görə göz görə-görə Nazimi həbsdə, məni azadlıqda qram qram öldürməyə çalışırsınız və bundan böyük həzz alırsınız.
İçinizdə insanlıqdan zərrə qədər nəsə qalıbsa, belə öldürməyin ikimizi də GÜLLƏLƏYİN”.
Hefteaz.com