Tbilisidə “Rusiya qanunu”na etiraz üçün on minə yaxın insan küçələrə axışıb.
“Azadlıq yürüşü” adlandırılan bu aksiya parlament binası qarşısında, 1989-cu ilin 9 aprelində Gürcüstanın müstəqillik tərəfdarları və Tbilisiyə yeridilmiş sovet qoşunları arasında toqquşmaların olduğu yerdə sona çatıb.
Təşkilatçılar bununla müstəqillik uğrunda mübarizənin hələ də davam etdiyini ifadə etməyə çalışıblar.
Qanun layihəsində nə yazılıb
Qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizindən çoxunu xaricdən alan qeyri-sahibkar hüquqi şəxs və media təşkilatı dövlət tərəfindən “xarici ölkənin maraqlarının daşıyıcısı” kimi qeyd olunur.
Bu təşkilatın nə ilə məşğul olduğu mühüm deyil. Məsələn, “xarici ölkənin maraqlarının daşıyıcısı” Gürcüstanda arıların davranışını izləyən ekoloji təşkilat və ya uşaq hospisi ola bilər.
Mühüm məqam:
Dövlət qeyri-hökümət təşkilatlarından dövlət reyestrində “xarici ölkənin maraqlarının daşıyıcısı” qismində qeydiyyatdan keçməyi tələb edir.
Qanun layihəsinin müəllifləri tez-tez ona əsaslanırlar ki, belə bir qanun, məsələn, ABŞ-da da qüvvədədir. Həmçinin deyilir ki, Amerikadakı qanun onların təklif etdikləri modeldən qat-qat sərtdir.
Müəlliflər 1938-ci ildə, İkinci Dünya müharibəsi ərəfəsində ABŞ-da qəbul olunmuş FARA (Xarici agentlərin qeydiyyatı haqqında qanun) qanununa əsaslanırlar. Həmin qanunun məqsədi Amerika əhalisini Üçüncü reyxin nasist təsirindən qorumaq idi.
“Gürcü arzusu”nun təklif etdiyi layihəni FARA-dan və Avropada qüvvədə olan “şəffaflıq” haqqında digər qanunlardan fərqləndirən əsas məqam odur ki, gürcü variantı “Üçüncü reyx” və real düşmənlə deyil, əsas beynəlxalq partnyorlarla və ölkənin dostları ilə, donorlarla mübarizə aparır. Ölkədəki demokratik proseslər isə məhz onların sayəsində inkişaf edir.
Bu qanunun tənqidçiləri bəyan edirlər ki, xarici təsir haqqında bu qanunu bircə şərtlə dəstəkləyərdilər: qanun Gürcüstanın ərazi bütövlüyünü tanımayan Rusiyanın və eyni mövqedə olan hər hansı digər ölkənin maliyyələşdirdiyi təşkilatlara da şamil olunarsa.
Bəzi digər ölkələrdə xarici təsir haqqında qanunları tez-tez müşayiət edən ikinci mühüm komponent, – dəqiq dar çərçivələrdir. Məsələn, elə həmin FARA-da yazılıb ki, məhdudiyyətlərin mediaya və QHT-lərə aidiyyatı yoxdur, təkcə lobbi təşkilatlarına şamil olunur. “Gürcü arzu”su variantında bu komponent yoxdur. Daha doğrusu, “Gürcü arzu”sunun təklif etdiyi Rusiya versiyası, ilk növbədə, məhz media və qeyri-hökumət sektoruna şamil olunur.
Daha bir mühüm məqam odur ki, bu qanun Avropa İttifaqının qanunvericiliyinə ziddir. Analoji qanun Macarıstanda qəbul olunanda, o, Aİ məhkəməsi tərəfindən ləğv olunmuşdu. Macarıstanda bu qanun bilavasitə medianı susdurmağa, QHT-ləri təhqir etməyə, qara yaxmağa və bu sektorda külüng döyən insanların işinə əngəl yaratmağa yönəlmişdi.
“Biz dəqiq bilirik ki, belə bir qanun Aİ qanunvericiliyinə ziddir. Avropa İttifaqının bizi bu cür qanunla qəbul etməsi mümkün deyil”, – “Vətəndaş cəmiyyəti fondu”nun nümayəndəsi Saba Braçveli deyir.
Məsələ şəffaflıqda deyil
Səciyyəvidir ki, müstəqil hüquqşünasların və ekspertlərin söylədiyinə görə, bu qanun mahiyyət etibarı ilə qeyri-hökumət təşkilatlarından indiyədək gerçəkləşdirmədikləri yeni bir şey tələb etmir.
Məsələn, indiki qanun artıq QHT-nın üzərinə belə bir öhdəlik qoyub ki, o hər il Ədliyyə Nazirliyinə öz gəlirlərini və xərclərini bildirsin. Bir çox qeyri-hökumət təşkilatı öz saytında müvafiq məlumatı – donorların siyahısını, layihələri və xərcləri yerləşdirib.
Bundan başqa, identifikasiya olunmuş məlumatlar və təşkilatların ünvanı dövlət reyestrində göstərilir. Hər ayın və ilin sonunda bu təşkilatlar vergi deklarasiyasını doldurur. Həmin deklarasiyada təşkilatda neçə nəfərin işlədiyi, bu təşkilatın hansı mülkə sahib olduğu, işçilərə nə əmək haqqı verildiyi və s. ətraflı qeyd olunur.
Dövlət Maliyyə Nazirliyi, Gəlirlər Xidməti və Maliyyə Monitorinqi Xidməti vasitəsi ilə artıq beynəlxalq donorlardan daxil olan vəsaitlərlə bağlı hər bir maliyyə əməliyyatına tam nəzarət edirdi.
Daha QHT-nın gerçəkləşdirdiyi hər bir tranzaksiyanın bank sistemində əks olunduğu deyilmir.
Bütün bunlardan irəli gələrək, yeni qanunun “şəffaflıq” üçün lazım olmadığı heç bir şübhə yeri qoymur. Ekspertlər hesab edirlər ki, bu, aşkar siyasi aktdır və məqsəd arzu olunmayan təşkilatları susdurmaqdır.
Hökumətin [Qərb əleyhinə] arqumentləri
Gürcüstan hakimiyyəti nümayəndələrinin bəyanatlarını dinləyəndə aydın olur ki, bu qanunun əsas məqsədi ölkədə mövcud olan və hökumətin nəzarət edə bilmədiyi bütün təşkilatların etibarına və nüfuzuna qara yaxmaq, nüfuzdan salmaqdır.
Hökumət məqsədyönlü təbliğat vasitəsilə Qərb partnyorlarının maliyyələşdirdiyi təşkilatlardan düşmən obrazı yaratmaq istəyir.
Bu, əsas etibarilə Gürcüstanda demokratik dəyərlərin, insan haqlarının və islahatların tərəqqisi ilə məşğul olan təşkilatlardır. Onlar korrupsiya hallarını araşdırır və üzə çıxarırlar.
Hökumət məmurları və onların satellit partiyaları tez-tez qarşıdan gələn parlament seçkiləri, “qara pullar” və Gürcüstanı müharibəyə sürükləmək istəyən “qlobal müharibə partiyası”ndan bəhs edirlər.
Hakimiyyətin dediyinə görə, radikal müxalifətin və qeyri-hökumət sektorunun gürcü siyasətinə xarici “qara pullar” gətirəcəyi təhlükəsi var.
Həmçinin hökumətin və rusiyayönlü partiyaların versiyasına görə, qeyri-hökumət sektoru LGBT-nin təbliğatı və cəmiyyəti alt-üst etməklə məşğul olur.
Qərb əleyhinə bu cür kampaniya həm sponsorluq edilən səhifələrin və feyk hesabların, həm də hökumətyönlü medianın köməyi ilə sosial şəbəkələrdə aparıır.
“İfact.ge” Araşdırmaçı Jurnalist İttifaqı aşkar edib ki, büdcə təşkilatlarında işləyən minlərlə insan “Gürcü arzusu”nun tapşırığı ilə koordinasiya olunmuş şəkildə “xarici agent haqqında qanun”u dəstəkləyən statuslar paylaşırlar
Hefteaz.com