Siyasi məhbus Bəxtiyar Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan bügünkü məhkəmə possesində etiraf etdi ki, qaçaqmalçılıq edib: “2020-ci ildə Western Union sistemi ilə Türkiyə və Almaniyadan pul köçürmələri aldığını və bunun Azərbaycan əsgərləri üçün ianə olduğunu deyib. Pul vəsaitindən xaricdən hərbiçilərə isti geyim alınması üçün istifadə olunub. Yüklərin gömrüyə bəyan etmədən operativ qaydada buraxılmalı olduğu hallar olub. Buna görə də prezidentin köməkçisi Hikmət Hacıyevə müraciət etdim. Hikmıt Hacıyevin müdaxiləsi ilə yüklər tez buraxılıb. Bunu ittiham kimi irəli sürə bilərsiniz və mən ediraf edirəm. Lakin qaçaqmalçılıq yolu ilə qrant pullarını ölkəyə gətirməyim barədə ittihamları həqiqətə uyğun deyil. Bunu qəbul etmirəm”.
Eyni zamanda, Bəxtiyar Hacıyev Ombudsman Səbinə Əliyevaya və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərliyə müraciətlər ünvanlayıb, sosial şəbəkələrdə ictimailəşdirilməsini “Müdafiə Xətti”ndən xahiş edib:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevaya
Bakı İstintaq Təcridxanasında saxlanılan Hacıyev Bəxtiyar İlyas oğlu tərəfindən
Ərizə
Hörmətli Səbinə xanım,
2023-cü ildə dəfələrlə özümün və mənə təzyiq olaraq şərlənmiş, həbs edilmiş dostum Abbasov Rail Nurəddin oğlunun hüquqlarının pozulması barədə müraciətlər etmiş, Sizdən bu cinayət işlərini nəzarətə götürməyinizi xahiş etmişəm.
Təəsüsf ki, hazırda siyasi motivlərlə, qondarma ittihamlarla şərlənmiş onlarla siyasi məhbus kimi həm mən, həm də Rail Abbasov həbsdə qalmağa davam edirik.
Sizdən Korsika xalqının, Qəmər adaları sakinlərinin hüquqlarını müdafiə etməkdən əlavə qalan vaxtda mənim, Rail Abbasovun, siyasi məhbus həyatı yaşayan jurnalistlər, iqtisadçı alimlər, ictimai fəalların da hüquqlarını qorumağınızı, məhkəmələrin və ibtidai istintaqın tezliyinin təmin olunması istiqamətində addımlar atmağınızı, Ombudsman Aparatının əməkdaşlarının təcridxanalarda siyasi məhbusları qəbul etməklərini və bu məhkəmə proseslərini müşahidə etməklərini xahiş edirəm.
Bəxtiyar Hacıyev,
Bakı İstintaq Təcridxanası
15.03.2024-cü il.
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərliyə
Bakı İstintaq Təcridxanasında saxlanılan
Hacıyev Bəxtiyar İlyas oğlu tərəfindən
Ərizə
Hörmətli Əziz müəllim,
Rəhbərlik etdiyiniz icmanın mütəmadi olaraq Ermənistan hakimiyyəti tərəfindən Qərbi Azərbaycan icmasnın üzvlərinin hüquqlarının kobud surətdə pozulması barədə bayanatlar yaydığını müşahidə edirəm.
Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuş şəxs kimi Sizdən Azərbaycan hakimiyyətinin də icma üzvlərini şərləyərək həbsə atmasına, siyasi məhbusa çevirməsinə, hüquqlarımızın kobud surətdə pozulmasına münasibət bildirməyinizi xahiş edirəm. Hər halda Azərbaycan hakimiyyəti Sizi Ermənistan hakimiyyətindən daha tez eşidə, rəhbərlik etdiyiniz icmanın üzvlərinin hüquqlarını pozmağı dayandıra bilər.
Bəxtiyar Hacıyev,
Bakı İstintaq Təcridxanası
15.03.2024-cü il.
Hüquq müdafiəçisi Rüfət Səfərov
Hefteaz.com