Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın mətbuat konfransında erməni jurnalist ona İlham Əliyevdən şikayət edib ki, İlham Əliyev Rəsulzadənin anadan olmasının 140 illik yubileyinin qeyd edilməsilə bağlı sərəncam verib (mənbə şərh bölümündə). Erməni jurnalist təxribatından da qalmayıb, AXC qurucusu Rəsulzadəni Hitlerlə, faşistlərlə əməkdaşlıq etməkdə ittiham edib. Mariya Zaxarova isə cavabında bildirib ki, bu məsələ ilə bağlı Rusiya tərəfinin qiymətləndirməsini Azərbaycan hakimiyyətinə çatdırıblar və bu mövzunun Azərbaycan tərəfilə müzakirəsini davam etdirirlər.
Bu çox dəhşətli informasiyadır. Təkcə bu fakt sübut edir ki, Rusiya Azərbaycanın nəinki xarici siyasətinə, hətta daxili siyasətinə də artıq müdaxilə edir. İlham Əliyevin dövlət suverenliyimizdən Rusiyaya güzəştə getməsi təkcə Rusiya silahlı qüvvələrinin heç bir əsas olmadan hələ də Qarabağda saxlanmasında ifadə olunmurmuş. Rusiya özünü Azərbaycanda artıq o qədər böyük səlahiyyət sahibi sayır ki, hətta bizim tariximizə, mili liderimizə necə yanaşmalı olduğumuzu da diktə etmək fikrinə düşüb.
Mariya Zaxarova, onun rəhbərliyi kimdir ki, bu dövlətin qurucularından biri və birincisi olan Rəsulzadəni, onun tariximizdə rolunu müzakirə etsin? Təəssüf ki, onlara bu səlahiyyəti İlham Əliyev öz Rusiyapərəst siyasətilə verib.
İndi məlum olur ki, Əliyevlər hakimiyyətinin Rəsulzadə düşmənçiliyi nəyə görə heç zaman bitmir? Əlbəttə, İlham Əliyevin Rəsulzadəyə qarşı olmaq üçün özünün də ciddi səbəbləri var. Rəsulzadə və silahdaşları car çəkdikləri cümhuriyyət dəyərlərilə, xalqımıza təmənnasız və təmiz xidmət nümunələrilə rejimə və onun korrupsioner, zorakı idarəetməsinə hər zaman ciddi təhlükə olaraq qalır.
Ancaq indi məlum olur ki, rejimin Rəsulzadə düşmənçiliyi təkcə daxili təlabatla bağlı deyilmiş. Rusiya imperiyasının Rəsulzadə düşmənçiliyi hələ də bitməyibmiş. İmperiya başa düşür ki, Rəsulzadə yurdu daha heç vaxt o imperiyanın bir parçası olmayacaq. İmperiya da anlayır ki, əgər bu xalqın ən azı 80 faizi özünü Rəsulzadə yolunda görürsə, deməli bir dəfə qalxmış bayrağımız daha enməyəcək, istiqlalımızdan daha HEÇ VAXT vaz keçməyəcəyik. Ədalət isə Rəsulzadə yurdunda mütləq yenidən parlayacaq!
Əli Kərimli
AXCP sədri
Hefteaz.com