Hefteaz.com xəbər verir ki, “Human Rights Watch” təşkilatı tanınmış siyasətçi, Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, siyasətçinin həbsi Azərbaycanda jurnalistləri və digər hökumət tənqidçilərini hədəf alan həbslər silsiləsinin növbəti nümunəsidir.
“Azərbaycan hökuməti tanınmış müxalif fəal və hökumətin sarsılmaz tənqidçisi Tofiq Yaqublunu sənədlərdə saxtakarlıq və dələduzluq ittihamı ilə həbs edib.
Keçmiş jurnalist və hökuməti açıq tənqid edən 62 yaşlı Tofiq Yaqublunu 2023-cü il dekabrın 14-də Bakının mərkəzindəki metro stansiyasından çıxarkən polis həbs edib. O, müxalif Müsavat partiyasının üzvü, Azərbaycanda müxalifət partiyaları və fəallarının koalisiyası olan Demokratik Qüvvələrin Milli Şurasında yüksək vəzifəli siyasətçidir”, – deyə bəyanatda qeyd edilib.
“Azərbaycan hakimiyyəti hökumət əleyhdarlarına, jurnalistlərə və digər tənqidçilərə qarşı təzyiqləri davam etdirir. Tofiq Yaqublunun həbsi ölkədə tənqidi səslərin susdurulmasına növbəti cəhddir”, – təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor köməkçisi Georgi Qoqiya bildirib.
Dekabrın 15-də Bakı şəhər Nərimanov rayon Məhkəməsi Yaqublu barəsində saxta sənədlər hazırlamaq və dələduzluq ittihamı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Prokurorluq bu iddianı təsdiq edən heç bir məlumat vermədən Yaqublunun qaça və ya istintaqa müdaxilə edə biləcəyini əsas gətirərək, barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib. Məhkəmə qərar qəbul edərkən Yaqublunun törətdiyi iddia edilən cinayətin xarakteri və ağırlığına da istinad edib.
“Yaqublu barəsində əsassız səbəblərlə həbs qətimkan tədbirinin seçilməsi Avropa İnsan Haqları Konvensiyasının əsassız həbsə qarşı standartlarını pozur”, – “Human Rights Watch” təşkilatı hesab edir.
Hefteaz.com