Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib. Bugünki iclasda ittiham aktı oxunub.
Prokuror bildirib ki, Hacıyev Azərbaycan CM-in 221 (xuliqanlıq), 289 (məhkəmyə qarşı hörmətsizlik), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılması), 206 (qaçaqmalçılıq), 213.1 (vergi ödənişindən yayınma), 320.1-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə məsuliyyət nəzərdə tutulan əməlləri törətməkdə ittiham olunur. Bütün ittihamlar üzrə onu uzunmüddətli həbs cəzası gözləyir.
İttiham hökmü oxunduqdan sonra hakim Hacıyevdən ittihamı başa düşüb-düşmədiyini soruşub. Cavab olaraq o, hüquqi cəhətdən başa düşdüyünü, faktiki olaraq isə başa düşmədiyini deyib.
Hacıyev prokurordan hansı tarixlərdə “qaçaqmalçılıq” törətdiyini və ittihamın onun tərcümələrlə məşğul olan qurumuna aid olub-olmadığını soruşub.
Hakim Hacıyevə prokurora sual vermək hüququna malik olmadığını bildirib, lakin məhkəmə istintaqı zamanı bu məsələrə aydınlıq gətiriləcəyini qeyd edib.
Hacıyev ona qarşı irəli sürülən bütün ittihamları təkzib edib. Zərərçəkmiş Ülviyyə Alovlu məhkəməyə gəlmədiyinə görə proses fevralın 16-na qədər təxirə salınıb.
Hefteaz.com