Müəllif – Anar Məmmədli
Vaxtaşırı Azərbaycandakı siyasi repressiyaları sovet dövründəki 30-cu illərlə müqayisə edirlər. Doğru müqayisə deyil. Çünki Sovet İttifaqı o zaman nə BMT-nin, nə Avropa Şurasının, nə də digər insan hüquqları mexanizmlərinin üzvü idi.
Amma Azərbaycan dövləti insan hüquqlarının müdafiəsi ilə bağlı həm ölkə Konstitusiyası, həm də beynəlxalq konvensiyalar qarşısında öhdəliklərini pozur, vətəndaşlarını siyasi fikirlərinə görə həbs edir, azadlqıdan məhrum edir. Yəni Azərbaycan ölkə olaraq, insan hüquqlarının müdafiəsi sahəsində 100 illik tərəqqidən geri qalıb.
Adicə bir nümunəyə baxaq. 37-ci ildə olduğu kimi siyasi məhbusun ailə üzvlərini ona görə cəzalandırmaq nəyin göstəricisidir?
Dövlət Sosial Müdafiə Fondundan sosial yardım alan vətəndaşların kartını bloklamaq o deməkdir ki, dövlətin bir neçə qurumu vətəndaşa qarşı total repressiyada iştirak edir. Bu cür rüsvayçı vəziyyət qətiyyən sovet dövrü ilə müqayisə oluna bilməz. Bu sovet dövrünün repressiyasından da ağırdır. Çünki ölkə olaraq, bir yandan guya mütərəqqi dünyanın bir parçasıyıq, o biri tərəfdən tarixin ən mənfur repressiya metodları ölkə vətəndaşlarına qarşı istifadə olunur.
Belə bir dövlətin vətəndaşı olmaq təhlükəli olduğu qədər utancvericidir. Belə bir dövlətin vətəndaşı mütərəqqi dünyada qürur və iftixarla gəzib-dolaşa bilməz. Bu rüsvayçılığa görə şübhə etmirəm ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan dövlətini cəzalandıracaq – öz vətəndaşına qarşı siyasi ayrı-seçkilik, siyasi zəmində sosial müdafiədən məhrumetmə və təməl insani ehtiyaclarını məhdudlaşdırdığına görə. O zaman kimsə buna ağız büzməsin. Çünki Avropa Məhkəməsi məhz bu cür qərarları ilə illərlə sübut etməyə çalışır ki, biz elat dövlətiyik, psevdorespublikayıq, feodal idarəçiliyə məruz qalan füqərayıq. Hefteaz.com