Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamla “Məhkəmələr və hakimlər haqqında” qanuna uyğun olaraq, hakim vəzifəsinə namizədlər arasından birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər.
Qeyd edək ki, hakim vəzifəsinə namizədlər əsasən Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim vəzifələrini tutmaq istəyən şəxslər üçün təşkil edilən yazılı və şifahi imtahanlar nəricəsində müəyyən olunur. Hansı ki, uzun illər ərzində bu prosrsin obyektivliyi şübhə doğurub, mübahisələrə səbəb olub.
Tanınmış vəkil Ceyhun Yusifov da vaxtı ilə bununla bağlı saytımıza açıqlamasında bildirmişdi ki, prosesin şəffav keçirilməməsi, həddindən artıq çətin, əlçatanlığı aşağı və olduqca uzun müddət davam edən imtahan prosesləri perspektivli hüquqşünasların və hakimliyə namizədlərin qarşısında əngəl yaradır.
“Son illər seçilən hakimlərin əvvəlki fəaliyyət yerlərinə nəzər salsaq bir çoxu ya Bakı Apellyasiya Məhkəməsində, ya da Azərbaycan Respublikası Ali Məhkəməsində işləmiş şəxslər olduğunu görürük. Bu isə sanki hakimlərin seçki və təyinatı prosesində varisliyə əsaslanan prosedurun, ənənənin formalaşdığı görüntüsünü yaradır…” – deyə, tanınmış vəkil bildirmişdi.
“İmtahan mərhələsinin tam şəffaflığı üçün yoxlama metodlarındakı insan faktoru faizini minimal dərəcəyə salmaq lazımdır. Hakimlərin seçki və təyinatı prosesində qarşılaşılan neqativ hallar artıq bu tip addımları zəruri edir” – deyə, qeyd edən C. Yusifov hakimlərin seçilməsi və təyinatı prosedur qaydalarının təkmilləşdirilməyə ehtiyacı olduğunu vurğulamışdı.
Prezidentin son sərəncamından sonra birinci instansiya məhkəmələrinə təyin edilən yeni hakimlərlə bağlı və prosesin necə keçdiyinə dair tanınmış vəkilin fikirlərini öyrəndik.
C. Yusifov qeyd etdi ki, Ali Məhkəməyə İnam Kərimov sədr təyin edildikdən sonra məhkəmə sistemində həyata keçirilən islahatlar artıq öz nəticəsini göstərməyə başlayıb: “Tam inamla deyə bilərəm ki, hüquq ictimaiyyətinin çoxdan gözlədiyi proseslər qısa müddətdə həyata keçirilir. Son hakim təyinatları da bunun sübutu oldu. Prezidentin son sərəncamı ilə hakim təyin olunan şəxslərə diqqət yetirdikdə həm Hakimlərin Seçki Komitəsi tərəfindən namizədlərin nə qədər obyektiv və doğru seçildiyini, həm də onlarıın təyinatında heç bir haqsızlığa yol verilmədiyini görmək mümkündür. Namizədlərin imtahanlarda göstərdiyi nəticələrə uyğun yerləşdirmələr həyata keçirilib”.
C. Yusifovun sözlərinə görə, Hakimlərin Seçki Komitəsi tərəfindən namizədlərin müəyyənləşdirilməsinə dair imtahanların da obyektiv keçirildiyinə artıq hər hansı bir şübhə yoxdur: “Kaş ki, Hakimlərin Seçki Komitəsi əvvəllər də bu qədər obyektiv olardı! Bütün hüquq cameəsi prosesdən məmnundur. Çünki ilk dəfədir ki, heç kimin haqqı tapdanmır, qiymətləndirmə tam obyektiv aparılır. Məsələn, Bakı Ağır Cinayətlər Məhkəməsinə olan təyinatların obyektiv və doğru həyata keçirildiyini tam əminliklə söyləyə bilərəm”.
C. Yusifov qeyd etdi ki, hakim namizədlərin müəyyənləşdirilməsinə dair imtahanların və onların təyinatlarının bu cür obyektiv həyata keçirilməsi məhkəmə korpusunun nüfuzunun artmasına və ölkədə ədalətli hüquq sisteminin yaranmasına səbəb olacaq: “Buna görə də bütün ictimaiyyəti təbrik edirəm. Həqiqətən hörmətli İnam Kərimov Ali Məhkəməyə sədr təyin edildikdən sonra formalaşdığı komanda ilə ölkədə obyektiv və ədalətli məhkəmə sisteminin qurulması istiqamətində qısa müddətdə böyük işlər görüb. Mən deyərdim inqilabi dəyişikliklər həyata keçirilir. Bunun nəticəsini bütün ictimaiyyət ən qısa vaxtda daha geniş şəkildə görəcək. Razılaşrsız ki, obyektiv meyarlar əsasında seçilən, öz biliyi və zəhməti hesabına hakim, məhkəmə sədri olan şəxsin neqativ əməllərlə məşğul olması ehtimalı da çox azdır. Bu baxımdan Azərbaycanda məhkəmə sistemində yeni bir dövrün başladığını söyləyə bilərik.”