Ekspertlər deyirlər ki, məqsəd inhisarçı bankların mövqeyini gücləndirməkdir…
Mayın 17-də Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə “Günay Bank” ASC-nin lisenziyası ləğv edilib.
AMB-nin açıqlamasında qeyd edilir ki, qərarı İdarə Heyəti verib.
Səbəb nədir?
Bankın bağlanması məcmu kapitalının tələb olunan minimum miqdardan az olması ilə əsaslandırılıb. Habelə qərar bankın cari fəaliyyətini etibarlı və prudensial (təhlükəsiz) qaydada həyata keçirməməsi ilə izah edilib.
“Bu bankın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0.6 faiz, kredit portfelində 1 faiz, sektorun öhdəliklərində isə cəmi 0.5 faizdir. “Günay Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır”, – AMB əlavə edib.
Əmanətlər necə qaytarılacaq?
Məlumatda bildirilir ki, “Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin buradakı sığortalanmış əmanətləri üzrə kompensasiyalarını Fond qanunvericiliyə müvafiq qaydada ödəyəcək:
“Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38.5 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99.9 faizinin əmanətləri kompensasiya olunacaq”.
“Əsl məqsəd ölkədəki bankların sayını azaltmaqdır”
Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov düşünür ki, “Günay Bank”ın lisenziyasını ləğv etmək səviyyəsində ciddi problemi olmayıb.
Onun fikrincə, AMB-nin gətirdiyi səbəb əsassızdır, əsl məqsəd ölkədəki bankların sayını azaltmaqdır:
“Niyə edirlər? Çünki Azərbaycanın bank sektoru inhisarlaşmaya meyillidir. Mərkəzi Bankın iddia etdiyi kimi kapital problemi varsa belə, “Günay Bank” ötən həftə elan etmişdi ki, iyulun 5-də səhmdarların ümumi yığıncağını keçirəcək və kapitalını artıracaq. Bəs Mərkəzi Bank buna niyə mane oldu?”
Hüquqşünas bildirir ki, Azərbaycanda 4-5 böyük, inhisarçı bank var.
Məqsəd bazarda onların mövqeyini daha da gücləndirməkdir.
“Əmanətçilər üçün yox, sahibkarlar üçün problem yaranacaq”
Vətəndaşların “Günay Bank”dakı əmanətlərinin aqibətinə gəlincə, Əkrəm Həsənov deyir ki, burada böyük problem yaşanmayacaq. Çünki banklara qoyulan əmanətlərin hamısı sığortalanır:
“Problem sahibkarlar üçün yaradılacaq. Digər bağlanan bankların taleyindən, aqibətindən bilirik ki, onların pulu, adətən, batır. Yəni Əmanətlərin Sığortalanması Fondu sığortalanmış əmanətləri qaytarır, lakin sonra bankın qalan əmlakının başına “daş salıb”, müxtəlif maliyyə maxinasiyaları edir. Bunu əmlakı alt qatnan satmaqla, kreditlərin qayıtmasında borcalanlarla sövdələşməyə getməklə, xərcləri şişirtməklə və s. yollarla edir”.
Hüquqşünas bildirib ki, bütün bunların nəticəsində sahibkara heç nə çatmır, o, faktiki uduzur.