Müəllif – AXCP sədri Əli Kərimli
Xankəndiyə bayrağımız sancılandan sonra qalib xalqın hərbi zəfərindən ruhlanıb başqa fikirlərə düşməməsi və yerini bilməsi üçün hökumət xalqa qarşı “al gəldi” hücum əməliyyatına start verib.
– Gələn ilin yanvarın 1-dən xırda sahibkarların vergilərini 4 dəfə artırmağa hazırlıq gedir;
– Metroda gediş haqqının artırılması üçün rəy formalaşdırılır;
– Siqaret və spirtli içkilər üçün aksizlər də artırılacaq;
– Hərbi qulluqçuların güzəştli pensiyaya çıxmaq müddətinin 5 il artırılması da hökumətin və parlamentin gündəmindədir;
– Cəmiyyət olaraq hərbi zəfəri unudub, fabrik ayarlarımıza dönməmiz üçün son 1 ayda 23 nəfər sosial şəbəkə fəalı da müxtəlif bəhanələrlə həbs edilib.
Görülən tədbirlər də kifayət etməsə, rejimin əlinin altında xalqa qarşı başqa “sakitləşdirici” tədbirlər də var.
Necə deyərlər, tarix təkrar olunur. 2-ci Qarabağ savaşındakı hərbi zəfərdən sonra da belə olmuşdu. Qalib xalqı özünə gətirmək məqsədilə 2021-ci ilin yanvarından ölkə daimi qiymət artımları mərhələsinə qədəm qoymuşdu. Təbii ki, qiymət artımları elə o vaxt da siyasi həbslərlə paralel aparılırdı. Hətta qalib hərbçiləri belə o vaxt da unutmamışdılar. Necə indi anti – terror əməliyyatından sonra pensiyaya çıxmaq müddətini 5 il artırmaqla hərbçilərimizə “minnətdarlıq” etməyə hazırlaşırlar, o vaxt da hərbçilərimizi unutmamışdılar. 2-ci Qarabağ savaşına qədər hərbçilərimiz savaş bölgəsində xidmətə görə ikiqat əmək haqqı alardılar. Ancaq 2-ci Qarabağ savaşı başa çatan kimi həmin o 2-ci əmək haqqını ləğv etdilər. Hərçənd ki, 2-ci Qarabağ savaşından sonra da irili – xırdalı çoxlu hərbi əməliyyatlar oldu, 100-lərlə hərbçimiz şəhid oldu. Ancaq söz ağızdan çıxmışdı. İlham Əliyev hələ 10 noyabr 2020-ci ildə Qarabağ münaqişəsinin bitdiyini elan etmişdi. Ona görə də hərbçilərimiz “ön cəbhədə xidmətə görə” 2-ci əmək haqqından məhrum edilmişdilər.
Rejimin 2-ci Qarabağ savaşından dərhal sonra start verdiyi qiymət artımı, bahalaşma, siyasi həbslər kampaniyası çox uzun çəkmişdi.
Bu dəfə də anti -terror əməliyyatından sonra yenidən vüsət almış kütləvi həbslər, bahalaşma, vergiləri, aksiz və qiymətləri artırma kampaniyası çox uzun çəkməsin deyə, tez özümüzə gəlib baş verənlərə etirazımızı hamılıqla ifadə etməliyik.
Hefteaz.com