Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürüləcək. Bu il yaşayış minimumu 246 manat idi və gələn il 24 manatlıq artımla inkişafın növbəti mərhələsinə qədəm qoyacağıq))
Bundan əvvəl isə vətəndaşa müjdə vermişdilər ki, ölkədə orta aylıq əmək haqqı 925 manata çatıb. Amma işləyən vətəndaşların neçə faizinin bu qədər maaş almasıyla bağlı açıqlama vermirlər.
Məlumata görə ölkədə əmək qabiliyyətli əhalinin sayı 6 milyona yaxındır.
Amma öllkədə muzdla çalışan işçilərin sayı 1, 7 milyon nəfərdi və bunun da 853 min nəfərinin əmək haqqı 410 manatdan aşağıdır.
Bildiyim qədəriylə Azərbaycan 2000-ci illərin ortalarında Avropa sosial xartiyasına qoşulub və götürülən öhdəliyə görə minimum əmək haqqı orta aylıq əmək haqqının 60 faizinə bərabər olmalıdır. Amma Azərbaycanda minimum əmək haqqı orta aylıq əmək haqqının 37 faizini təşkil edir.
Başqa bir reallıq budur ki, Azərbaycanda əmək haqqının 40-50 faizi ərzaq və qidaya xərclənir. Bu rəqəm Böyük Britaniyada 7, İrlandiyada 7, Niderlandda 8, Səudiyyə Ərəbistanında 9, İspaniyada 9, Almaniyada 9, Kanadada 12, Fransada 12,7 faiz təşkil edir. Keçmiş sovet respublikaları arasında Estoniyada bu rəqəm 14,6 Litvada 17,7 Latviyada 25 faizdir.
Göründüyü kimi Azərbaycan vətəndaşı qazancının əsas hissəsini qidaya xərcləyir ki, bu da digər zəruri xərclərin ödənməsini mümkünsüz edir. Bunun nəticəsidir ki, yüzminlərlə ailə bank faizlərinin məngənəsində sıxılır. Yəni, nə 925 manat orta aylıq əmək haqqının bu xalqın 90 faizinə aidiyyatı var, nə də 270 manat yaşayış minimumu bu millətin dərdinə dərmandı.
İlham Hüseyn
AXCP RH üzvü
Hefteaz.com